Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsinə silsilə tədbirlər keçirilib
Gəncə, 10 may, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumşəhər tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında və Heydər Əliyev Mərkəzində ucaldılan abidələrini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda bütün sahələrdə gördüyü işlərdən, müstəqil Azərbaycanın daha da çiçəklənməsi üçün həyata keçirdiyi tədbirlərdən danışıblar.
Sonda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Əsrin adamı” filmi nümayiş olunub.
Tədbirdən sonra Gəncə Dövlət Filarmoniyasının foyesində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı AMEA Gəncə bölməsi tərəfindən nəşr edilən kitabın təqdimatı keçirilib.
Həmçinin YAP Gəncə Şəhər Təşkilatının inzibati binasının foyesində Uu Öndər Heydər Əliyevin büstünün açılışı olub.
Günorta saatlarında “İmamzadə” ziyarətgah dini kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehsan süfrəsi təşkil edilib.