“Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrası davam etdirilir
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyinin "Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği" layihəsinin icrası davam etdirilir.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.
Layihə çərçivəsində ilk təlim Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində təşkil olunub.
Təlim zamanı “Karyera haradan başlayır?”, “Peşə, yoxsa peşəkar?”, “Sən də mühasib ola bilərsən, mühasibat uçotu nədir?”, “Maliyyə hesabatları və hesablar planı, maya dəyərinin hesablanması” mövzuları tədris olunub.
Təlimin sonunda iştirakçılar Gənc Mühasiblər İctimai Birliyi tərəfindən sertifikatla təltif edilib.