Gənclər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
Yevlax, 2 fevral, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, Yevlaxda da gənclər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Son illər rayonda gənclər evi, idman meydançaları və zalları inşa edilib. Gənclərin məşğulluğu daim diqqət mərkəzində saxlanılır. Dövlət idarəçiliyinin bütün sahələrində gənclər irəli çəkilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Yevlaxda keçirilən tədbirdə səsləndirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Qənimət Qaraşov, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, Qadınlar Şurasının sədri Əminə Əhmədova, Gənclər Birliyinin sədri Ariz Mikayılov və başqaları ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıblar.
Tədbirdə bir qrup fəal gəncə fəxri fərman, qiymətli hədiyyələr və YAP-ın üzvlük vəsiqələri verilib. Bayram süfrəsi arxasında keçən tədbir rəngarəng musiqi nömrələri ilə davam edib.