GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ 2009-CU İLDƏ 95 LAYİHƏNİ MALİYYƏLƏŞDİRMİŞDİR
Bakı, 28 dekabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyi (GİN) 2009-cu ildə 62 gənclər təşkilatı tərəfindən həyata keçirilən 95 layihəni maliyyələşdirmişdir.
Bunu dekabrın 28-də gənclər və idman naziri Azad Rəhimov ilin yekunlarına həsr olunmuş mətbuat konfransıda demişdir.
Nazir bildirmişdir ki, 2009-cu ildə həm gənclər, həm də idman sahəsində yüksək naliyyətlər əldə olunmuşdur.
Belə ki, il ərzində Bakıda Avropa tələbələr forumu, ənənəvi gənclərin terror əleyhinə aksiyası, müxtəlif rəsm sərgiləri, kompyuter oyunları çempionatı, “Xəmsə” milli intellektual oyunu, “Şahin” və “Cəsurlar” oyunları keçirilmişdir. Ən böyük və yaddaqalan tədbir isə bu yaxınlarda 46 ölkədən 500-dən çox gəncin iştirakı ilə keçirilən Beynəlxalq Elm Olimpiyadası idi. Bu ölkə üçün çox vacib tədbir idi və bizim gənclərimiz bu yarışda ilk dəfə olaraq 2 gümüş və 7 bürünc medal qazanmışlar. Eyni zamanda bu tədbirin bir əhəmiyyəti də ondan ibarət idi ki, müxtəlif ölkələrin nümayəndələri Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış oldular.
Eyni zamnda Gəncədə gənclərin məşğulluq və resurs mərkəzi açılmışdır. Gənclərin karyera mərkəzi isə artıq iki ildir ki, burada fəaliyyət göstərir. “İRƏLİ” İctimai Birliyinin GİN-lə birgə təşkilatçılığı ilə regionlarda kompyuter biliklərinin artırılması ilə bağlı təlimlər keçirilmişdir. Minlərlə gənc bu təlimlərdə iştirak etmişdir.
İlk dəfə olaraq tələbə gənclər təşkilatlarının təsis qurultayı keçirilmişdir. Qurultayın nəticəsi olaraq bütün ali məktəbləri təmsil edən tələbə təşkilatı yaranmışdır.
Ümumiyyətlə bu il ərzində gənclər sahəsində 15-ə yaxın beynəlxalq tədbir keçirilmiş, 190 gənc xaricdə beynəlxalq layihələrdə iştirak etmiş, 1500-ə yaxın gənc Bakıda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişdir.
######
