Gənclərin növbəti “Yay məktəbi” başa çatıb
Şahbuz, 19 avqust, AZƏRTAC
Gənclərin istirahətini səmərəli təşkil etmək məqsədilə Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində keçirilən “Yay məktəbi” başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Yay məktəbi”nin ilk günündə iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar.
Gənclərə tədbirin təşkil olunma məqsədləri və proqramı haqqında məlumat verilib. Gün ərzində gənclər müxtəlif idman və intellektual oyunlarda iştirak ediblər. Gecə saatlarında ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən “Dahi şəxsiyyət” sənədli filmi izlənilib.
İkinci gün səhər gimnastikası ilə başlayıb. Ağbulaq kəndi ərazisində gəzintidə iştirak edən gənclər ardınca STEAM təlimində iştirak ediblər. Gün ərzində “Gender bərabərliyi” və “Sosial şəbəkələrin cəmiyyətdəki rolu” mövzularında müzakirələr aparılıb, gənclərin yumoristik səhnəcikləri izlənilib. Gecə saatlarında isə Milli Qəhrəman Polad Həşimova həsr olunan “Poladın 7 anı” sənədli filmi nümayiş etdirilib.
Sonuncu gün iştirakçılar fotomüsabiqə və “Gələcək üçün maliyyə” mövzusunda təlimdə iştirak ediblər. “Yay məktəbi”ndə fərqlənən gənclər sertifikat, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan üçgünlük “Yay məktəbi”nə orta ixtisas təhsili müəssisələrin tələbələri və könüllü gənclər cəlb olunub. Avqustun 22-25-də nəzərdə tutulan növbəti mərhələdə isə Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak edəcəklər.