Gənclərin Onlayn Karyera Forumu keçiriləcək
Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 29-da Gənclərin Onlayn Karyera Forumu keçiriləcək.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, forumda bu gün aktual problemə çevrilən gənclərin karyera və iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələləri, onlara zəruri bilik və bacarıqların aşılanması və s. mövzularda müzakirələr aparılacaq.
Forumun moderatoru Nigar İbrahimova, spikerləri ADA Universitetinin tələbə xidmətləri və məzun işləri üzrə prorektor müavini Gülnur İsmayıl, “Azersun Holding”in kateqoriya və marketinq direktoru Könül Əliyeva, Fərdi İnkişaf və Test Mərkəzinin direktoru Samir Məmmədov, “ixtisas.az” və “Xaricdə çörək” layihələrinin rəhbəri Toğrul Ələkbərdir.
Onlayn forum zamanı hədiyyəli viktorinalar təşkil olunacaq.
Azərbaycan Respublikasının Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək forumun məqsədi gənclərin işsizlik probleminin həllinə kömək etmək, onların fərdi keyfiyyətlərinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.