ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib
![](/files/galleryphoto/2019/2/1200x630/1558006011854763981_1200x630.jpeg)
![](/files/galleryphoto/2019/2/1200x630/15580060114066144308_1200x630.jpeg)
![](/files/galleryphoto/2019/2/1200x630/15580060113366946824_1200x630.jpg)
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun (GEİ) biokimya şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva Gürcüstanda ezamiyyətdə olub. O, Gürcüstan Tibbi Genetika və Epigenetika Cəmiyyəti, Tbilisi Dövlət Tibb Universiteti və Şota Rustaveli Milli Elmi-Tədqiqat Fondu tərəfindən təşkil olunmuş “İnsan genomu və sağlamlığı” mövzusunda II beynəlxalq konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd həkimlər, tədqiqatçılar, alimlər tərəfindən və həmçinin biznesin tibbi genetika sahəsində əldə edilən son elmi nailiyyətləri iştirakçılara təqdim etmək, genetik xəstəliklərin tədqiqatı ilə bağlı beynəlxalq əlaqələr yaratmaq olub.
Səltənət Ağayeva “İki genetik pozğunluğun birləşməsi: G6PD ferment çatışmazlığı və Düşen əzələ distrofiyası” mövzusunda məruzə ilə çıxış edib və sertifikata layiq görülüb. O, həmçinin ezamiyyət müddətində bir sıra alim və mütəxəssislərlə tanış olub və gələcəkdə birgə tədqiqatlara dair müzakirələr aparılıb.