GİKM Qax nümayəndəliyinin fəaliyyətə başlamasından 3 il ötür
Qax, 22 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qax nümayəndəliyinin fəaliyyətə başlamasından 3 il ötür. Ötən müddətdə nümayəndəlik yeniyetmə və gəncləri bir-birindən maraqlı layihələrlə sevindirib. Ümumiyyətlə, 3 il ərzində nümayəndəlik tərəfindən müxtəlif istiqamətlər üzrə 1234 fəaliyyət həyata keçirilib. Keçirilən tədbirlər 9 mindən çox gənci əhatə edib.
Nümayəndəliyin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 3 il ərzində qurum tərəfindən gənclərə vətənpərvərlik və dövlətçilik sahəsində 293, klub fəaliyyəti üzrə 285, şəxsi inkişaf sahəsində 253, könüllülük və sosiallaşma üzrə 237, karyera quruculuğu sahəsində isə 166 fəaliyyət təqdim olunub. Nümayəndəliyin təqdim etdiyi “Təcrübə üçün səfər et”, “Mərkəzə doğru”, “Mən Qarabağam”, “Yurdunu kəşf et və tanı”, “Ulu Öndər və gəncliyimiz”, “Sıfırdan başla”, “Mənim peşəm mənim gəncliyimdir”, “Həmrəy könüllü” və digər layihələr yeniyetmə və gənclər tərəfindən böyük maraqla qarşılanıb. Nümayəndəliyin könüllüləri və gənclər “Şəxsi inkişaf günləri” təlimlərində də həvəslə iştirak ediblər.
GİKM Qax nümayəndəliyinin fəaliyyət başlamasının 3 illiyi münasibətilə keçirilən tədbirdə ötən müddətdə həyata keçirilən layihə və təlimlərdən bəhs edilib, fəal gənclər “İlin gənci” nominasiyası üzrə təltif olunublar.
Tədbir musiqi proqramı və müxtəlif oyunlarla davam edib.