GİMNASTLARIMIZ AVROPA ÇEMPİONATINA HAZIRLAŞIRLAR
Respublika Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iki lisenziyanı şəxsi yarışlarda, daha birini isə qrup yarışlarında qazanmaq nəzərdə tutulur. Bütün bu lisenziyalar uğrunda mübarizə 2007-ci ildə Yunanıstanda keçiriləcək dünya çempionatında gedəcəkdir. Beynəlxalq Gimnastika Federasiyası Texniki Komitəsinin Olimpiadaya seçim qaydalarına etdiyi dəyişikliklərə görə təsnifat proseduru belə olacaqdır: ilk 12 yeri tutan gimnastlar üstəgəl çoxnövçülüyün finalında 13-24-cü yerləri tutan, hər ölkədən maksimum 1 gimnast olmaqla, 8 ən yaxşı idmançı. Çoxnövçülüyün nəticələrinə əsasən isə, Olimpiadada 12 kollektiv təmsil olunacaqdır.
Hələlik isə sentyabrın 18-24-də Moskvadakı “Drujba” Universal idman zalında keçiriləcək Avropa çempionatına hazırlıq tam sürətlə gedir. Yığmamızın liderləri Dinara Gimatova, Anna Qurbanova və Aliyə Qarayeva Çernoqoriyadakı təlim-məşq toplanışlarını Moskva vilayətinin Novoqorsk şəhərindəki olimpiya hazırlığı mərkəzində davam etdirirlər.
Beş yeniyetmə gimnastımız və 7 nəfərdən ibarət qrup komandamız Nabranda məşq keçir. Məşqlər başa çatandan sonra Zeynəb Cavadlı, Zülfiyyə Əliyeva, Leyla Şamilova, Nigar Mirzəyeva və Ceyla Quliyeva avqustun əvvəllərində Gəncəyə yollanacaqlar. Onlar bu qədim şəhərdəki müasir Olimpiya kompleksində 10 gün ərzində intensiv məşq keçəcəklər.
Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Anastasiya Prasolova, Alina Tryopina, Səbinə Alxazova və Samirə Əliyevadan ibarət qrup komandası isə Quba şəhərindəki Olimpiya kompleksində 10 gün ərzində təlim-məşq toplanışında olacaqdır. Federasiyanın mətbuat xidməti vurğulayır ki, bunlar Avropa birinciliyi turnirləri ərəfəsində sonuncu təlim-məşq toplanışlarıdır.