Gömrük nəzarətindən gizlədilən zərgərlik məmulatları aşkarlanıb
Bakı, 23 avqust, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları zərgərlik məmulatlarının Azərbaycanın gömrük sərhədindən qanunsuz olaraq keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşı “Qırmızı kanal”a keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib. Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli çamadanın içərisində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, ümumi çəkisi 128 qram olan qızıl zərgərlik məmulatları - 3 ədəd sırğa-üzük dəsti, 1 ədəd sırğa-üzük-klon dəsti və 1 ədəd boyunbağı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.