Gömrükçülər narkotik vasitə aşkarlayıblar
Bakı, 6 mart, AZƏRTAC
Gömrükçülər narkotik vasitə aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin Biləsuvar rayonu ərazisində realizə ediləcəyi barədə məlumat daxil olub. Narkotik vasitənin “Biləsuvar-Biləsuvar gömrük postu” avtomobil yolundakı Balharı çayının üzərində olan körpünün altında gizlədildiyi və Abbasov Ataxan Habil oğlu tərəfindən götürülərək realizə olunacağı müəyyən edilib. Bu məqsədlə Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və həmin ərazi nəzarətə götürülüb. Martın 4-də saat 17:00 radələrində, şəxsiyyəti sonradan məlum olan Azərbaycan vətəndaşının velosipedlə sözügedən əraziyə gəldiyi müşahidə edilib. O, velosipeddən düşərək Balharı çayının üzərindəki körpünün altına enib. Burada gizlədilən 1 ədəd düyü torbasını götürüb körpünün üstünə qalxarkən əməliyyat qrupu tərəfindən saxlanılıb. Cənub Ərazi Baş Gömrük İdarəsində həmin torbaya baxış zamanı torbadakı düyünün arasında 3 ədəd bağlama aşkar edilib. Həmin bağlamaların içərisində isə qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 3543 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.