REGİONLAR
Goranboyun Xınalı kəndində yeni içməli su xətti istifadəyə verilib
AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil olunmuş mərasimdə kənd rayon mərkəzindən 42 kilometr məsafədə yerləşdiyi diqqətə çatdırılıb. Bildirilib ki, sakinlərin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Burada yeni məktəb binası, uşaq bağçası, bir neçə inzibati bina inşa edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə kənd yolu əsaslı şəkildə yenidən qurulub. İstifadəyə verilən yeni su xətti də həmin sosial layihələrdən biridir.
Qeyd olunub ki, 5 kilometrə yaxın məsafədən çəkilən su xəttinin üstündə 3 ədəd çən qoyulub, kəndin müxtəlif ərazilərində 8 bulaq inşa edilib.
Su xəttinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar sərin sudan içərək bu işin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.