GÖRKƏMLİ RƏSSAMIN EV-MUZEYİNDƏ “ƏZİMZADƏNİN DAVAMÇILARI” KARİKATURA SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 15-də Əzim Əzimzadənin ev-muzeyinin 40 illik yubileyi ilə əlaqədar burada “Əzimzadənin davamçıları” adlı karikatura sərgisi açılmışdır.
Əzim Əzimzadənin ev-muzeyinin direktoru tənqidçi-sənətşünas İradə Əzimzadə böyük sənətkarın gənc nəslə qayğısından danışmış, onun həyat və yaradıcılığı barədə qısa məlumat vermişdir.
Bildirilmişdir ki, Əzim Əzimzadə 1880-ci il mayın 7-də Bakıda anadan olmuşdur. O, Azərbaycanın ilk xalq rəssamı, təsviri sənətdə tənqidi realizmin və qrafika sənətinin banisidir. 1906-cı ildən satirik qrafika, illüstrasiya, plakat, teatr dekorasiyası sənəti sahəsində fəaliyyət göstərmişdir. Bakıda nəşr olunan bir çox satirik jurnallar ilə əməkdaşlıq etmişdir. Bir çox kitablara, o cümlədən 1917-ci ildə M.Ə.Sabirin “Hophopnamə”sinə illüstrasiyalar çəkmişdir.
Ə.Əzimzadə 1922-31-ci illərdə “Molla Nəsrəddin” jurnalının baş rəssamı olmuşdur. İkinci Dünya müharibəsi dövründə alman faşizmini ifşa edən çoxsaylı karikaturalar, plakatlar, satirik rəsmlər çəkən sənətkar həm də Rəssamlıq Məktəbinin direktoru, müəllimi olmuş, gənc karikaturaçılar nəslinin yetişməsinə köməyini əsirgəməmişdir. Onun məktəbinin davamçıları bu gün xalq rəssamları, əməkdar rəssamlar, görkəmli incəsənət ustalarıdır. Ə.Əzimzadə 1943-cü ildə Bakıda vəfat etmişdir.
Rəssamlar İttifaqı sədrinin müşaviri, əməkdar rəssam Ənvər Qarayev, Karikaturaçı Rəssamlar Birliyinin sədri, əməkdar incəsənət xadimi Bayram Hacızadə, Gürcüstanda Azərbaycan Yazıçılar və Aşıqlar birlikləri bölməsinin sədri Osman Əhmədli, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Qiymət Məhərrəmli və digər çıxış edənlər görkəmli rəssamın klassik irsinin qorunub saxlanmasının, bugünkü və gələcək nəslə çatdırılmasının hər bir ziyalının mənəvi borcu olduğunu xatırlatmışlar.
Sərgidə digər rəssamlarla yanaşı, Ə.Əzimzadənin nəticəsi Nigar Əzimzadənin də əsərləri nümayiş etdirilir. Əzimzadələr ailəsinin yaxından köməyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rəssamın 125 illik yubileyinə həsr edilmiş kataloq-jurnal da tamaşaçıların marağına səbəb olmuşdur. Qeyd olunmuşdur ki, 2010-cu ildə rəssamın 130 illik yubileyinin keçirilməsi üçün hazırlıq işlərinə başlanmışdır.
Tədbirdə “Bura Vətəndir” Cəmiyyətinin üzvləri, İncəsənət Gimnaziyasının şagirdləri musiqi proqramı ilə çıxış etmişlər.
Sonda rəssamın ailəsi adından İradə Əzimzadə tədbirin iştirakçılarına minnətdarlığını bildirmişdir.