“Görünməyən qəhrəmanlar” silsiləsindən sənədli filmlərin nümayişi davam edir
Bakı, 4 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının və İctimai Televiziyanın (İTV) birgə istehsal etdiyi “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsinin nümayişi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hər biri 44 dəqiqə olmaqla 5 sənədli filmdən ibarət olan silsilədə müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibədə keçdiyi şərəfli döyüş yolundan bəhs olunur. Filmlərdə real döyüş xatirələri nəql edilir, eksklüziv kadrlar göstərilir. Sənədli serialın prodüseri Fariz Əhmədovdur.
Seriyanın ilk filmi - “Görünməyən qəhrəmanlar: 27 sentyabr” filmi Vətən müharibəsinin başladığı günün ildönümündə - sentyabrın 27-də İTV-də nümayiş olunub. Noyabr ayının əvvəlindən başlayaraq Zəfər Gününə qədər silsilənin bütün filmləri İTV-nin efirində yayımlanır.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi bir il ərzində Vətən müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına dəstək göstərib. Bu filmlərin istehsalı həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən aparılıb.