GÖYÇAYDA “HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS
AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə Göyçay Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin yenidən qurulmuş möhtəşəm abidəsinin və onun adını daşıyan parkın açılışında iştirak etmişlər. Həmçinin əsaslı təmirdən sonra həmin gün istifadəyə verilən Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasının açılışı olmuşdur. Siyasi qurumun normal fəaliyyəti üçün binada hər cür şərait yaradılmışdır. Burada 6 otaq və konfrans zalı müasir səviyyədə təmir edilmişdir. İkimərtəbəli binada yerləşən partiyanın rayon təşkilatı kompyuter avadanlıqları, bərk və yumşaq inventarlarla təchiz olunmuşdur.
Sonra konfrans öz işinə başlamışdır. Tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev və Sabir Hacıyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin keçdiyi ömür yolundan, dövlət quruculuğu yolundakı əvəzolunmaz xidmətlərindən, ölkə iqtisadiyyatının, təhsilinin, səhiyyəsinin inkişafındakı rolundan, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı istiqamətində gördüyü işlərdən danışmışdır.
Ulu öndərin siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərinə nəzər salan natiqlər, onun rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının böyük təşkilatlanma yolu keçməsini və seçkilərdə yüksək nəticələr əldə etməsini diqqətə çatdırmışlar.
Rayon ziyalıları dahi rəhbər Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsindən danışmış və bu ilin oktyabrında keçiriləcək seçkilərə ciddi hazırlaşdıqlarını və alternativsiz siyasi lider İlham Əliyevin namizədliyini dəstəkləyərək ona yekdilliklə səs verəcəklərini bildirmişlər.
Həmin gün Göyçay rayon stadionunda yubiley münasibətilə konsert olmuşdur.