Gözdən Əlillər Cəmiyyətinin hesabat yığıncağı keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
Son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dəstəyi ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Əlil Ziyalılar İctimai Birliyi ilə birlikdə "Görmə imkanları məhdud şəxslər üçün müyəssər formalı nəşrlərin hazırlanması" layihəsi icra edilib. Layihə çərçivəsində “Bunları bilmək istəyirəm” illüstrasiyalı intellektual ensiklopediya çap olunaraq görmə əlilliyi olan şəxslərlə çalışan bütün müəssisələrə paylanılıb. Dövlət Sosial Müdafiə Fondunun dəstəyi ilə “Görmə imkanları məhdud şəxslər üçün reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində Sumqayıt şəhərində və Balakən rayonunda reabilitasiya mərkəzlərinin filialları yaradılıb. Brayl Nəşrləri İnformasiya və Resurs Mərkəzi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramları ilə idman, incəsənət və xalq sənət növlərinin öyrənilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində “Nəsimi” və “Cavid ömrü” filmlərinin tiflo və surdo şərhlərini hazırlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev fevralın 27-də keçirilən cəmiyyətin hesabat yığıncağında deyib.
O, öz çıxışında bildirib ki, hesabat dövrü ərzində akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzi ilə birgə fəaliyyət nəticəsində 100 nəfər cəmiyyət üzvünün göz müayinəsi aparılıb. Azərbaycan Pedaqoji Universitetinin defektologiya fakültəsi ilə əməkdaşlıq nəticəsində tiflo pedaqoqika ixtisası üzrə təhsil alan tələbələrlə işgüzar görüşlər keçirilib. Təhsil Nazirliyi tərəfindən elan edilmiş tenderdə qalib gələrək ilk dəfə olaraq gözdən əlillər üçün üç adda dərslik çap edilib. Bakı 1 saylı Tibb Kolleci ilə birgə əməkdaşlıq edilərək təcrübə dərslərinin səmərəli təşkili üçün daktil maketlər əldə olunub.
Bundan başqa, Azərbaycan Tarix Muzeyində Gürcüstanın tanınmış rəssam və heykəltaraşlarının bir həftəlik ustad dərslərində görmə əlilliyi olan 20 nəfər iştirak edib. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə dəstəyi ilə tərbiyəvi təsirə malik “Danışan məktub” filminin tiflo şərhi hazırlanıb.
Hesabat yığıncağında gözdən əlillərin mənzil-məişət, işlə təminat və digər sosial məsələlərlə əlaqədar qayğıları barədə də söhbət aparılıb.
Cəmiyyətin ayrı-ayrı təşkilatlarının nümayəndələri çıxış edərək bu təbəqədən olan həssas qrupların təklif və rəylərini çatdırıblar.