“Güclü cəmiyyətin zərif simaları” - Ucarda sosial layihə VİDEO







Ucar, 18 aprel, Rəşad Türkoğlu, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Ucar rayonunda növbəti görüş keçirilib. Layihənin məqsədi regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi, liderlik və rəqəmsal bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Aidə Qəhrəmanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Gülnarə Həmidova Azərbaycan qadınının mənəvi və ailə dəyərlərinin qorunmasında, gənc nəslin düzgün yetişdirilməsi və cəmiyyətin inkişafındakı müstəsna rolundan danışıb, dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətindən, hər sahədə öz potensiallarını reallaşdırmaq və layiqli mövqe tutmaq üçün Azərbaycan qadınlarına yaradılan geniş imkanlardan bəhs ediblər.
Görüşlər fərqli sahələrdə uğur qazanan qadınların – “Maestro School”un təsisçisi, beynəlxalq dərəcəli təlimçi Mədinə Paşayevanın, “Safavy” Onlayn Təhsil Platformasının direktoru, şəxsi inkişaf üzrə mentor, “Her IT Journey” sosial layihəsinin rəhbəri Könül Quliyevanın TEDx formatında çıxışları ilə davam edib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, onlarla motivasiyaedici söhbət aparıblar.