İQTİSADİYYAT
Güclü külək bəzi ərazilərdə təbii qaz şəbəkəsinə ziyan vurub


Bakı, 7 fevral, AZƏRTAC
Güclü külək bəzi ərazilərdə təbii qaz şəbəkəsinə ziyan vurub.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 6-da gecə saatlarında əsən güclü külək Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində vətəndaşa məxsus hasarı aşırıb. Bu zaman ərazidən keçən 100 millimetr diametrində olan qaz xəttinin 13 metrlik hissəsi də hasarın altında qalaraq zədələnib. Bir ədəd qaz sayğacının giriş hissəsi yararsız hala düşüb. “Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşlarının səyi nəticəsində qaz sızmasının qarşısı alınıb. Hasarı uçan sakindən başqa digər abonentlərin qaz təchizatında hər hansı məhdudiyyət yoxdur.
Fevralın 6-da Balaxanı qəsəbəsində də külək qaz şəbəkəsinə ziyan vurub. Qəsəbədəki yeni yaşayış massivində, Həsən Əliyev 169 ünvanında 89 millimetr diametrində olan aşağı təzyiqli qaz xəttinin 15 metrlik hissəsi dirəklərdən aşıb, bir sayğac yararsız hala düşüb.