Günhan Hüseynli: Ulu Öndər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb
Bakı, 25 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tarixin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Bu dahi insan fəaliyyətində müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutub. Azərbaycanın taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi bir dövrü məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Ulu Öndər öz siyasi iradəsi və məqsədyönlü fəaliyyəti ilə Azərbaycanı zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, elmi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub. Ümummilli Lider bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı göstərib. Bu da təsadüfi deyildi. Çünki dahi şəxsiyyət yaxşı bilirdi ki, müasir dövrdə elm və texnika, təhsil olmadan heç bir irəliləyiş əldə etmək mümkün deyil, eyni zamanda, dövlətin savadlı kadr potensialı da məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Buna görə də Ulu Öndər Azərbaycanın tərəqqisinin yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsində görüb. Ümummilli Lider ölkənin və dövlətin hərtərəfli tərəqqisində millətin imzasının imzalar içində seçilməsində təhsilin rolunu daim yüksək dəyərləndirib və inkişafına qayğı göstərib.
Bunu Bakı Avrasiya Universitetinin prorektoru Günhan Hüseynli AZƏRTAC-a müsahibəsində deyib.
Prorektor bildirib ki, Ulu Öndər çıxışlarında təhsilin məzmununun, səmərəli təşkilinin dövlətin hərtərəfli inkişafında həlledici rol oynadığını dəfələrlə vurğulayıb, müəllim əməyinə yüksək dəyər verib, şagirdlərin və tələbələrin əsl vətəndaş və savadlı olmaları üçün bu sahədə böyük inkişafa aparan sistemli tədbirlər həyata keçirib. Xalqın müdrik oğlu Heydər Əliyevin gənc nəslin təlim-tərbiyəsi ilə əlaqədar ideyalarında təhsilin məzmununun milli ruhda olması xüsusilə diqqəti cəlb edir. Ümummilli Lider şagird və tələbələrin müasir tələblər səviyyəsində təlim, savad, dərin bilik alması ilə kifayətlənməyib, təhsil alanların mənəvi kamilliyinə, əqidə saflığına xüsusi diqqət yetirib, tədris və təlim prosesində bu amili son dərəcə mühüm prinsip sayıb. Günhan Hüseynli deyib: “Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbii ki, keyfiyyətli orta təhsili, yəni baza təhsilinə malik olmayan insanların ciddi elmi araşdırmalar aparmaları qeyri-mümkündür. Bu baxımdan da elmin və elmi tədqiqatların inkişafından söhbət gedirsə, ilk növbədə, orta ümumtəhsil sisteminə diqqət yetirilməsi zəruridir. Elm və təhsilə göstərilən diqqətin nəticəsidir ki, Ulu Öndər özünün milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb, bu sahəyə diqqət və qayğısını həmişə önə çəkib. Ümummilli Liderin təhsilin dünya standartlarına uyğun inkişafı, müəllimlərin, elm adamlarının əməkhaqqının artırılması, məktəb şəbəkəsinin genişləndirilməsi ilə bağlı onlarla tarixi əhəmiyyətli fərman və sərəncam, dövlət proqramlarını təsdiq edən sənədlər imzalayıb. Bunlar da birbaşa elmdə və təhsildə problemlərin həllinə yönəlib”.