CƏMİYYƏT
Gürcüstan hökuməti ölkədə fəaliyyət göstərən dini icmalara 4,5 milyon lari vəsait ayırıb
Tbilisi, 23 yanvar, AZƏRTAC
2020-ci ildə Gürcüstan hökuməti ölkədə fəaliyyət göstərən dini icmalara 4,5 milyon lari (1,5 milyon dollar) vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, bu vəsait ölkənin cari il üçün dövlət büdcəsində nəzərdə tutulub.
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi hacı Ramin İgidov AZƏRTAC-a bildirib ki, məbləğin 3,5 milyon larisi artıq dini icmalar arasında bölüşdürülüb. Ötən il olduğu kimi, bu il də Gürcüstanın müsəlman icmasına 2,2 milyon lari (764 min dollar) ayrılıb.
Onun sözlərinə görə, bu vəsait olduqca azdır. Ölkədə gündəlik tələbat və digər istehlak mallarının qiymətinin artdığı bir vaxtda məscidlərdə fəaliyyət göstərən din xadimlərinin təqribən 300 lari əməkhaqqı alması olduqca azdır.
“Biz hökumətə bununla bağlı etirazımızı bildirmişik. GMİ vəsaitin ən azı daha 20 faiz artırılmasını istəyir və bununla bağlı Dini Məsələlər üzrə Dövlət Agentliyinə müraciət edib”, - deyə, R.İgidov vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın dövlət büdcəsindən 2020-ci ildə erməni xristian icmasına ayrılan vəsait 600 min (209 min dollar), Roma katolik icmasına 400 min (139 min dollar), yəhudi icmasına isə 300 min lari (105 min dollar) təşkil edib.
Ayrılan vəsaitin yerdə qalan 1 milyon larisi isə bu ilin sonuna qədər dini icmalara paylanılacaq.
Qeyd edək ki, Gürcüstan əhalisinin təxminən 11 faizini müsəlmanlar təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi