GÜRCÜSTAN PREZİDENTİNİN YUBİLEYİ BORÇALIDA DA ELLİKLƏ QEYD EDİLDİ
Gürcüstan Prezidenti Eduard Şevardnadzenin 75 illik yubileyi ilə əlaqədar Qardabani şəhər Əyləncə və İstirahət Mərkəzində Prezidentin İcra Aparatının, rayon ictimaiyyətinin, ziyalıların nümayəndələrinin, ölkə parlamentinin bir qrup deputatının iştirakı ilə təntənəli mərasim keçirildi. Bölgə qubernatoru Levan Mamaladze tədbiri açaraq, Azərbaycan Prezidenti Heydər Əliyevin Eduard Şevardnadzeyə təbrik məktubu göndərdiyini və bu məktubun mətbuatda dərc olunduğunu qeyd etdi. O, salondakı Gürcüstan azərbaycanlılarına üz tutaraq dedi: “Siz Gürcüstan dövlətini, onun rəhbərini həmişə səmimiyyətlə dəstəkləmisiniz və bu gün də ölkəmizin etibarlı vətəndaşlarısınız. Prezidentimiz sizin sözünüzlə əməlinizin bir olduğunu, Vətənə sədaqətlə xidmət etməyinizi, onun möhkəmlənməsi naminə əlinizdən gələni əsirgəmədiyinizi daim yüksək qiymətləndirir”.
Mərasimdə çıxış edən natiqlər Prezident Eduard Şevardnadzenin xidmətləri sayəsində ölkədə əmin-amanlığın bərqərar olduğunu, bir çox sahələrdə islahatların uğurla aparıldığını, Gürcüstanın beynəlxalq aləmdə nüfuzunun daim artdığını, gürcü-abxaz münaqişəsinin dincliklə nizama salınması üçün mühüm addımlar atdığını vurğuladılar. Onlar dövlət başçısının qonşu ölkələrlə, ilk növbədə, Azərbaycan və Türkiyə ilə qarşılıqlı surətdə faydalı əməkdaşlığın daim genişlənməsi, Azərbaycanla strateji tərəfdaşlığın daha da möhkəmlənməsi sahəsində fəaliyyətindən danışdılar, onun Azərbaycan Prezidenti Heydər Əliyevlə dostluğunun örnək olduğunu bildirdilər.
Tədbir konsertlə başa çatdı. Konsertdə Rəşid Behbudov adına Mahnı Teatrının solistləri Gülyanaq Məmmədovanın və Bilal Əliyevin çıxışları alqışlarla qarşılandı.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Qardabani