GÜRCÜSTAN SƏNƏDLİ FİLMLƏRİNİN TƏQDİMATI
“Studio-Re” Assosiasiyasının direktoru Mixail Mirziaşvili, rejissorlar Mamuka Kuparadze və Georgi Sinaridze Abxaziya kinematoqrafçıları ilə birlikdə çəkdikləri filmlər üzərində işdən danışmışlar.
Mixail Mirziaşvili bildirmişdir ki, “Kvemo Kartli” (Borçalının indiki adıdır) filmi Gürcüstanın Milli azlıqlar, o cümlədən azərbaycanlılar yaşayan bölgələrindən birində çəkilmişdir. Bu film onların problemlərinə həsr olunmuşdur. Müstəqillik əldə edildikdən sonra burada həyat, təəssüf ki, əsla yaxşılaşmamışdır. Buradakı sosial problemlər həll olunmadığından yerli əhali Gürcüstanı tərk etmək məcburiyyətində qalmışdır.
Filmlərin yaradıcıları sonda vurğulamışlar ki, taleyinə münaqişələrin təsir etdiyi ayrı-ayrı insanların tarixçələrini danışmaqla onlar milli münaqişələrin nəticələrinin dəhşətli mənzərəsini göstərmək istəmişlər. Axı, bu nəticələr hər yerdə eynidir.
Filmlər “Studio Re” Assosiasiyasının jurnalistləri tərəfindən çəkilmişdir. Qonaqlar öz yaradıcılıq planlarından danışaraq bildirmişlər ki, onların Azərbaycana səfəri Ermənistan-Azərbaycan münaqişəsinin qurbanı olan məcburi köçkünlər haqqında film çəkmək niyyəti ilə bağlıdır.