Gürcüstanda tanınmış azərbaycanlı jurnalistin xatirəsi anılıb
Tbilisi, 23 yanvar, AZƏRTAC
Tbilisidə tanınmış jurnalist, uzun müddət “Gürcüstan” qəzetinin baş redaktoru işləmiş İslam Hacı oğlu Əliyevin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi mərasimdə Azərbaycandan gəlmiş qonaqlar, azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri, ziyalılar, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Azərbaycanda, Gürcüstanda və Türkiyədə yaxşı tanınan mərhum jurnalist İslam Əliyevin həyat və yaradıcılığı haqqında danışıb. Qeyd edib ki, İslam Əliyev "Gürcüstan" qəzetində işlədiyi uzun müddət ərzində insanların, xüsusilə də azərbaycanlıların maariflənməsində mühüm xidmətlər göstərib. Gürcüstan dövləti onun əməyini “Şərəf" ordeni ilə qiymətləndirib. Gürcüstan ombudsmanı isə 2018-ci ildə onu “İlin ən yaxşı jurnalisti" fəxri adına layiq görüb.
Əməkdar jurnalist İ.Əliyev 2004-2014-cü illərdə AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri olub. Bu vəzifədə çalışarkən Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafına özünəməxsus töhfələr verib.
Daha sonra çıxış edən Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, müfti Yasin Əliyev və başqaları mərhum jurnalist barədə fikirlərini, xatirələrini bölüşüblər.
Xatırladaq ki, İslam Əliyev 2019-cu ilin dekabrın 21-də 72 yaşında Tbilisidə vəfat edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi