GÜRCÜSTANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyi günü münasibətilə mayın 30-da “Gülüstan” sarayında rəsmi qəbul təşkil etmişdir. Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze qəbulda çıxış edərək, ölkəsinin 1991-ci ildə qazandığı müstəqilliyin əhəmiyyətindən danışmışdır. O, ötən müddət ərzində Gürcüstanın vətəndaş müharibəsinə, terrora, separatizmə məruz qaldığını bildirmiş və demişdir ki, hazırda ölkəmiz üçün ən vacib məsələ ərazi bütövlüyümüzün bərpasıdır.
Gürcüstan dövlət müstəqilliyini möhkəmləndirir, iqtisadiyyatını inkişaf etdirir, azad və demokratik cəmiyyət qurur. Bu proseslərdə Gürcüstanın Azərbaycanla əməkdaşlığının xüsusi roluna toxunan səfir, xalqlarımızın qədim dostluq ənənələrinə malik olduğunu vurğulamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin müəllifi olduğu iri enerji layihələri əməkdaşlığımızın ən parlaq nümunələridir.
Nikoloz Natbiladze prezidentlər Mixeil Saakaşvilinin və İlham Əliyevin ölkələrimiz və xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə xüsusi töhfə verdiklərini söyləmişdir.
Diplomat 28 May - Respublika günü münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik etmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov əlamətdar gün münasibətilə Gürcüstan xalqını təbrik etmişdir.
Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini xatırladan O.Əsədov xalqlarımızın qədim dostluq münasibətlərini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr daha da möhkəmlənmişdir.
Milli Məclisin sədri regional əhəmiyyətli layihələrin həyata keçirilməsində dövlətlərimizin əməkdaşlığının əhəmiyyətini vurğulamış, qeyd etmişdir ki, Azərbaycan kimi dostu olan Gürcüstan əmin ola bilər ki, bizim inkişafımız Gürcüstanın inkişafıdır.
Qəbulda Milli Məclisin deputatları, nazirlər, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri və digər rəsmi şəxslər, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Mərasim konsert proqramı ilə davam etmişdir.
######
![]() |
![]() |

