Hacıqabul və Salyanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub
Hacıqabul, 9 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri Süleyman Süleymanov, Rəşad Məmmədov, Əli Rüstəmov, Zülfüqar Zeynalov və Məhəmməd Babayev olduqları müəyyən edilib. Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində isə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olan şəxs müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Alim Əzizov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan təmiz çəkisi 520 qram qurudulmuş marixuana, həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 29 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.