CƏMİYYƏT
Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq
Bakı, 7 noyabr, AZƏRTAC
Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması təklif edilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə birinci oxunuşda daxil edilmiş “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 9 üzvdən ibarət Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırır. Komitəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin üç hakimi, apellyasiya instansiyası məhkəmələrinin üç hakimi, birinci instansiya məhkəmələrinin üç hakimi daxildir.
Məhkəmə-Hüquq Şurası Hakimlərin Qiymətləndirilməsi Komitəsindən daxil olmuş yekun rəyi iclasında müzakirə edir və hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinin təsdiqinə dair qərar qəbul edir.
Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yekun rəyi hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyasında müəyyən edilmiş forma və məzmuna uyğun olmadıqda, habelə ziddiyyətli olduqda Məhkəmə-Hüquq Şurası əsaslandırılmış qərarı ilə yekun rəyi ona əlavə edilmiş materiallarla birlikdə geri qaytarır. Bu zaman Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurasının qərarını nəzərə almaqla, yekun rəydəki çatışmazlıqları aradan qaldırır və yenidən Məhkəmə-Hüquq Şurasına təqdim edir.