HAYDE BRUNEDER: BAKIDA KEÇİRİLƏN BƏDİİ GİMNASTİKA ÜZRƏ AVROPA ÇEMPİONATI TAM UĞURLA KEÇMİŞDİR
AZƏRTAC xəbər verir ki, Avropa Gimnastika Federasiyasının (UEG) rəsmi saytında bədii gimnastika üzrə Texniki Komitənin prezidenti Hayde Brunederin Bakıda keçirilən qitə çempionatının yekunlarına həsr olunmuş xüsusi müraciəti yerləşdirilmişdir.
Müraciətdə deyilir ki, Avropa çempionatı sentyabr ayında Yunanıstanda keçiriləcək dünya çempionatı ərəfəsində sonuncu mühüm mərhələ olmuşdur. Bu, gələn il Olimpiya oyunlarından əvvəl Turində keçiriləcək növbəti Avropa çempionatı üçün təsnifat mərhələsidir. Beləliklə, 20 ən yaxşı gimnast gələcək Avropa turnirinin çoxnövçülüyünün finalında iştirak üçün vəsiqə qazanmışdır.
H.Bruneder Bakı çempionatının yüksək səviyyədə təşkil olunduğunu, mükəmməl məşq keçmələri və diqqətlərini yarışlara yönəltmələri üçün gimnastlara yaxşı şərait yaradıldığını da vurğulamışdır. O demişdir: “Texniki Komitə üzvlərinin İdman kompleksinin qarşısındakı hoteldə yerləşdirilməsi də çox xoş idi, çünki onlar nəqliyyatdan asılı deyildilər”.
İdman salonlarının vəziyyətindən razı qalan Texniki Komitənin başçısı onları əla adlandırmışdır. O demişdir: “Məşq salonlarında 11 xalça, o cümlədən yarış xalçası bütün texniki tələblərə cavab verirdi. Bütün xidmətlər yaxşı təşkil edilmişdi. Qala-konsert maraqlı idi və unudulmaz təəssürat oyatmışdır”.
H.Bruneder Beynəlxalq Federasiyadakı həmkarı Eqle Abruzzininin Avropa çempionatında iştirakını çox yüksək qiymətləndirmişdir. O demişdir: “Bakıda 23-cü Avropa çempionatı tam uğurlu olmuşdur. Yarışların təşkilatçıları bu işin öhdəsindən məharətlə gəlmişlər. Mən yarışların texniki məsələlərini, televiziya və logistika məsələlərini bacarıqla əlaqələndirən Təşkilat Komitəsinə və UEG-in rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bizə gözəl çıxışlar və qələbə sevinci anları bəxş edən gimnastlara xüsusi minnətdarlığımı bildirirəm”.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, Avropa çempionatının qızıl və bürünc medalçıları Aliyə Qarayeva, Anna Qurbanova və Dinara Gimatova, habelə Zeynəb Cavadlı hazırda Xorvatiyada təlim-məşq toplanışlarındadır. Yaşlı gimnastlardan ibarət qrup hərəkətləri komandası isə avqustun 11-də Təl-Əvivdə Dünya kuboku mərhələsində Iştirak edəcəkdir.