CƏMİYYƏT
Həkim briqadası dağ kəndində əhalini müayinədən keçirmişdir
Naxçıvan, 20 noyabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə Naxçıvan MR Səhiyyə Nazirliyinin, Mərkəzi Uşaq Xəstəxanasının, Doğum Mərkəzinin, Naxçıvan MR Xəstəxanasının, Diaqnostika-Müalicə Mərkəzinin və rayon mərkəzi xəstəxanalarının yaratdığı həkim briqadaları ayda bir dəfə müxtəlif ucqar dağ kəndlərində, yaşayış məntəqələrində olur, əhaliyə tibbi xidmət göstərərək onları müayinədən keçirirlər.
Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ə.Əliyev adına Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası ənənəni davam etdirərək Babək rayonundakı Zeynəddin kəndində olmuşdur. Pediatr, stomatoloq, oftalmoloq, LOR, ftiziatr və laborantlardan ibarət briqada kəndin feldşer-mama məntəqəsində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirmişdir. Kənddə 44 nəfər 1 yaşa qədər, 725 nəfər 18 yaşa qədər uşaqlardan 110 nəfərinə tibbi xidmət göstərilmiş, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülmüşdür. 80 nəfər valideynlə səhiyyə maarifi işi aparılmış, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilmişdir.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilmiş, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik köməklik göstərilmişdir.