Həkim-infeksionist: Vaksinasiya sayəsində tibb işçiləri arasında koronavirusa yoluxanların sayı xeyli azalıb
Bakı, 19 avqust, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyasının səbəb olduğu ən kritik günləri yaşayırıq. “Yeni klinika”nın reanimasiya şöbəsi, demək olar ki, doludur. Stasionar şəraitdə müalicə alan xəstə sayı 300 nəfərə yaxındır. Boş çarpayı sayı getdikcə azalır. Reanimasiyada yatan xəstələr arasında peyvənd vurduranlar çox azdır. Həmin xəstələr infeksiyanı yüngül keçirirlər.
AZƏRTAC xəbər verir ki, bunu “Yeni klinika”nın həkim-infeksionisti Dilman Əhmədov deyib.
O bildirib ki, reanimasiyada yatan peyvənd olunan vətəndaşlar vaksinasiyanın yalnız birinci mərhələsində iştirak edənlərdir: “Vaksin olunanlarda xəstəliyin sürətlə ağırlaşması, əlavə fəsadlar az müşahidə edilir. Ümumiyyətlə vaksinasiya olunanların sayı çox olsaydı, indi bu qədər yoluxma və ölüm halı qeydə alınmazdı. Reallıq isə başqadır. Hələ indi də elələri var ki, ailəsində koronavirus xəstəsi olsa da, hələ də infeksiyaya inanmırlar. Vəziyyəti ağırlaşanların çoxu da virusa inanmayanlardır. Deyirlər ki, külək vurdu və ya kondisioner havasında xəstələndim”.
D.Əhmədov “Yeni klinika”da çalışan tibb işçiləri arasında koronavirusa yoluxma hallarından danışıb. Qeyd edib ki, vaksinasiyadan əvvəl tibbi heyətin çox hissəsi COVID-19-a yoluxurdu: “Hazırda isə peyvənd vurduranlar çoxaldığı üçün tibb işçiləri arasında yoluxanların sayı xeyli azalıb”.