Həkimlər Göyçay rayonunun kəndlərində əhalini profilaktik müayinə etmişlər
Göyçay, 13 avqust (AZƏRTAC). Avqustun 13-də Göyçay Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı ilə Yeniarx kəndində sakinlərin profilaktik müayinəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Yeniarx kənd klubunda reallaşan xeyriyyə aksiyasında səhhətində problemi olan insanların laborator müayinəsi aparılmış, şəkərin təyini, elektrokardioqrafik müayinələr edilmiş, qan təzyiqi yoxlanılmışdır. Sonra terapevt, ginekoloq, pediatr, kardioloq, nevropatoloqlar sakinlərin səhhətlərinə dair şikayətlərini dinləmiş, onlara müalicələr təyin etmişlər.
Bir gün davam edən profilaktik müayinədə Yeniarx, Qəbələ Müskürlü, Müskürlü, Xəlitli, Hacıağabəyli, Mallı-Şıxlı və Ərəbşahverdi kəndlərindən, ümumilikdə, 110 nəfər iştirak etmişdir.
Aşkar edilən xəstəliklərlə əlaqədar sakinlərin bir qrupu stasionar və ambulator müalicəyə cəlb olunmuşdur. Kənd sakinləri profilaktik müayinədən razı qalmış, əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Mərkəzi rayon xəstəxanasının təşkilatçılığı ilə digər kəndlərdə də bu cür xeyriyyə aksiyaları keçiriləcək və ahılların müayinəsi aparılacaqdır. İndiyədək artıq Bığır, İnçə və Çaxırlı kəndlərində belə xeyriyyə aksiyaları keçirilmişdir.