Hər bir gənc Heydər Əliyev irsini dərindən öyrənməlidir
Şamaxı, 21 avqust, AZƏRTAC
Şamaxıda rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev irsini öyrənirik” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə 25 nəfər fəal gənc və könüllü iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dəyirmi masada rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin sədri Nuranə Məmmədova, fəal gənc Hilal Bəkirov və başqaları çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının müasir dünya tarixinə böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşdüyünü diqqətə çatdırıblar. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev təhsil, səhiyyə, idman, sosial-iqtisadi, hərbi, mədəniyyət və digər sahələrdə əvəzsiz xidmətləri ilə yadda qalıb. Ulu Öndər müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır. Çıxışlarda söylənilib ki, bu gün hər bir gənc Heydər Əliyev irsini dərindən öyrənməlidir.
Tədbirin sonunda Şəhriyar qəsəbə tam orta məktəbinin şagirdi Gülbahar Sərxanova ulu öndər Heydər Əliyevə həsr etdiyi şeiri söyləyib.