Hərb Tarixi Muzeyində “Azərbaycan dövlətçiliyi: İslahatlar və Zəfər mərhələsi” mövzusunda tədbir keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Azərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibəsində erməni millətçilərinə qarşı savaşda tarixi Qələbənin qazanılmasının birinci ildönümünə həsr olunan “Azərbaycan dövlətçiliyi: İslahatlar və Zəfər mərhələsi” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabitləri, Müdafiə Nazirliyinin, şəhər muzeylərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Qazanılan Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsidir” mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, 44 günlük Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Ordusunun, xalqımızın şanlı Zəfəri ilə başa çatdı və haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu Qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, cəsur əsgərlərimizin canı, müqəddəs şəhidlərimizin qanı, mərd xalqımızın birliyi hesabına qazandıq. Bu müharibə Azərbaycan Ordusunun gücünü, xalqımızın Qələbə əzmini bütün dünyaya göstərdi. Biz adlarını misilsiz qəhrəmanlıq və fədakarlıq nümunələri ilə şanlı Zəfər tariximizə qızıl hərflərlə həkk etdirən, Vətən uğrunda canından keçən igidlərimizlə fəxr edirik”.
Dəyirmi masada “Vətən müharibəsində Azərbaycanın qələbəsi” adlı kitabın təqdimatı da keçirilib. Qələbənin ildönümünə həsr olunmuş kitabın müəllifi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan Nurulla Əliyev bildirib ki, Birinci və İkinci Qarabağ müharibələrinə həsr olunan nəşrdə münaqişənin gedişi və kəskinləşməsi zamanı baş verən əsas hadisələr hərbi-siyasi, strateji nöqteyi-nəzərdən təhlil edilib. Qeyd olunub ki, nəşrdə geniş spektrli açıq mənbələr, həmçinin hərbi və beynəlxalq humanitar hüquq sahəsində ixtisaslaşan alimlər və mütəxəssislərin təhlilləri əsasında Birinci və İkinci Qarabağ müharibələrinin məzmununu müəyyənləşdirən əsas hərbi və siyasi komponentlərə qiymət verilib. Nəşrdə Vətən müharibəsinin bütün Cənubi Qafqazın taleyi üçün geosiyasi nəticələrini müəyyənləşdirməyə və göstərməyə cəhd olunub.
Daha sonra çıxış edən muzeyin tədqiqatçı-elmi işçisi tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov, tarix üzrə fəlsəfə doktoru Ərəstun Baxşəliyev, tarixçi-tədqiqatçı Pərviz Ağalarov, jurnalist ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlu və digərləri Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında Ordumuzun peşəkarlığından danışıb, xalqımıza Zəfər sevinci bəxş edən şəhidlərimizin xatirəsinin ən dərin ehtiramla yad olunduğunu, şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğının göstərildiyini bildiriblər.
Çıxışlardan sonra Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Sonda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestri, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tədbir iştirakçılarına qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri təqdim ediblər.