Hərbi şərhçi: Ötən bir il ərzində Laçında hərbi infrastruktur daha da gücləndirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Laçın rayonu Qarabağ münaqişəsinin başladığı ilk illərdən strateji əhəmiyyəti ilə digər rayon və şəhərlərimizdən fərqlənib. Ermənistan ordusu Laçını işğal edərək Qarabağla, separatçılarla Ermənistan ərazisindən bağlılıq yaratmaq niyyətində idi. Hər zaman Laçın və buradan keçən dəhliz uğrunda gərgin döyüşlər gedib, nəhayət, Ermənistan bu şəhəri işğal edib. Bundan sonra gedən proseslər artıq bizə məlumdur.
Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, sonrakı mərhələlərdə digər rayonların da işğal olunduğunu qeyd edən Ramil Məmmədli bildirib ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin bir-birinin ardınca qazandığı Zəfər, uğurlu hərbi əməliyyatlar nəticəsində ordumuz Qubadlıdan sonra Laçın rayonuna daxil oldu.

Güləbird və Səfiyan kəndlərini işğaldan azad edən Ordumuz artıq Laçın şəhəri istiqamətində hərəkət etməyə başladı. Azərbaycan Ordusunun bu istiqamətdə əldə etdiyi üstünlüklər sayəsində o, artıq Laçını işğaldan azad etməyə yaxın idi. Lakin Ermənistanın baş naziri 2020-ci il 10 noyabr təslimçilik Bəyanatını imzaladıqdan sonra Ermənistan Laçını təhvil vermək məcburiyyətində qaldı.
Ötən bir il ərzində Laçın rayonu ilə bağlı bir sıra sürətli proseslər baş verdiyini xatırladan Mərkəzin rəhbəri deyib: “Ötən ilin payız aylarında Qarabağdakı separatçı erməni hərbi birləşmələrinin silahlanmasının qarşısının alınması üçün atılacaq addımlar müzakirə olundu və bununla bağlı cəmiyyətdə müəyyən fikirlər səsləndirildi. Azərbaycan dövləti ötən bir il ərzində Laçında hərbi infrastrukturu daha da gücləndirdi. Biz Həkəri çayı üzərindəki sərhəd-keçid məntəqəsinin yaradılmasını hərbi infrastrukturun pik zirvəsi adlandıra bilərik. Beləliklə, proseslər fərqli formada davam etməyə başladı və əslində erməni separatizmi məhz bundan sonra tam məğlub olduğunu dərk etməyə başladı”.
R.Məmmədli söyləyib ki, ötən bir il ərzində Laçında həm Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının böyük infrastruktura malik olan hərbi birləşməsi formalaşdırıldı, həm də Daxili İşlər Nazirliyinin Quru Qoşunlarının hərbi hissələri yaradıldı. Həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin strukturlarının sayı artırıldı. Nəhayət, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni hərbi birləşmələri sonrakı mərhələdə özləri ərazini tərk etdilər və onların hərbi infrastrukturları darmadağın edildi. Bütün bunlar birdən-birə olmayıb, dövlətimiz və Prezident, Ali Baş Komandan İlham Əliyev müvafiq istiqamətdə mərhələli addımlar atıb. Hazırda Laçın Azərbaycanın inkişaf etməkdə olan ən sabit bölgələrindən birinə çevrilməkdədir.