Hesablama Palatası, UNEC və Gürcüstan Dövlət Audit İnstitutu arasında memorandum imzalanıb
Bakı, 3 noyabr, AZƏRTAC
Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında üçtərəfli memorandumun imzalanması mərasimi keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində qurumun sədri Vüqar Gülməmmədov, UNEC-in rektoru professor Ədalət Muradov, Gürcüstan Dövlət Audit İnstitutunun direktoru Gela Tsiklauri, digər qonaqlar və Palatanın əməkdaşları iştirak ediblər. Tədbirdə çıxışçılar qarşılıqlı əməkdaşlığın inkişafının əhəmiyyətindən danışaraq bildiriblər ki, memorandumun imzalanmasında məqsəd Hesablama Palatası, UNEC və Gürcüstan Dövlət Audit İnstitutu arasında elmi-praktik əlaqələri genişləndirmək, ixtisaslı kadr hazırlığının təmini, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəni bölüşməklə münasibətləri möhkəmləndirmək və inkişafını təşviq etməkdir.
Sonra Hesablama Palatası, UNEC və Gürcüstan Dövlət Audit İnstitutu arasında üçtərəfli memorandum imzalanıb.
Qeyd edək ki, bu əməkdaşlıq özündə “Dövlət sektorunda audit” istiqaməti çərçivəsində Hesablama Palatasının əməkdaşları tərəfindən UNEC-in bakalavr, magistratura səviyyələrində təhsil alan tələbələrə mühazirələrin keçirilməsinin təşkili, bu məqsədlə sahəyə maraqlı və təhsil göstəriciləri yüksək olan tələbələrin cəlb edilməsini, “Dövlət sektorunda audit” mövzusunda və ya əlaqəli mövzularda təhsil və maarifləndirmə layihələrinin həyata keçirilməsi üçün tərəfdaşların cəlb olunması məqsədilə qarşılıqlı təşkilatçılıq və informasiya dəstəyini nəzərdə tutur. Eləcə də, əməkdaşlıq çərçivəsində kadr hazırlığının təmin edilməsi məqsədilə yüksək təhsil göstəricisi olan tələbələrlə Hesablama Palatasının əməkdaşlarının görüşünün, o cümlədən ustad dərslərinin təşkil edilməsi, “Dövlət sektorunda audit”in öyrənilməsi çərçivəsində yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi və Hesablama Palatasının müvafiq struktur bölmələrində təcrübə və əlavə təlim keçmələri planlaşdırılır.