İQTİSADİYYAT
Heydər Əliyev adına NEZ-in modernizasiya edilməsi layihəsi üzrə “SOCAR Fugro” MMC ilə müqavilə imzalanıb
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) yenidənqurma və modernizasiya layihəsi üzrə “SOCAR Fugro” MMC ilə müqavilə imzalanıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində zavodun və onun kənar sahələrində infrastrukturun layihələndirilməsi üçün müəyyən torpaq tədqiqat işlərinin aparılması məqsədilə növbəti müqavilə imzalanıb. Sənəd, layihəçi “SOCAR-Foster Wheeler” Mühəndis Xidmətləri MMC (SFV) və PMC şirkət olan “Fluor” tərəfindən torpaq tədqiqat işlərinin aparılması üçün hazırlanmış tədbirlər toplusu əsasında “SOCAR Fugro” MMC ilə zavod arasında imzalanıb. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “SOCAR Fugro” MMC-nin baş direktoru Kris Mott imzalayıblar.
Qeyd olunub ki, müqavilə çərçivəsində zavod daxilində və ətrafında ilkin geotexniki, ətraf mühit, hidroloji-hidrogeoloji və geofiziki qrunt tədqiqatları aparılacaq, yekun olaraq hesabat və digər aidiyyəti sənədlər hazırlanacaq. Əldə olunacaq məlumatlar müvafiq layihəçi şirkətə təqdim ediləcək və layihənin növbəti mərhələlərində istifadə olunacaq. Bu işlərə “SOCAR Fugro” MMC ilə birlikdə SOCAR-ın Geologiya və Geofizika İdarəsi də cəlb ediləcək.
Xatırladaq ki, “SOCAR Fugro” MMC SOCAR-ın bir sıra layihələrində, o cümlədən Səngəçal terminalı ilə əlaqədar bütün layihələrdə, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQENKK) layihəsində podratçı qismində iştirak edib.