HEYDƏR ƏLİYEV BÜTÖV BİR EPOXANIN RƏMZİDİR
MOSKVADA ULU ÖNDƏRİMİZİN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Səfir Polad Bülbüloğlu xatirə gecəsini açaraq, zəmanəmizin bu görkəmli siyasi və dövlət xadiminin müasir dünyada rolundan danışdı. O dedi ki, Heydər Əliyev suveren Azərbaycan dövlətinin memarıdır, onun siyasi xəttini Prezident İlham Əliyev uğurla davam etdirir. Heydər Əliyevin milli mədəni irsin inkişafında da xidmətləri misilsizdir, incəsənət və mədəniyyət xadimlərimizin bir çoxu öz uğurları ilə məhz bu dahi şəxsiyyətə, onun dəstəyinə və xeyir-duasına minnətdardır.
Beynəlxalq Aviasiya Komitəsinin sədri Tatyana Anodina, bəstəkar Andrey Eşpay, Azərbaycan Güləş Federasiyasının prezidenti Abbas Abbasov, kinorejissor Yuli Qusman, “Voprosı istorii” jurnalının baş redaktoru Əhməd İsgəndərov, musiqişünas Janna Dozortseva, hüquqşünas Eldar Sərdarov, rəssam Nikas Safronov, respublikamızın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və başqaları xalqımızın dahi oğlu haqqında böyük səmimiyyət və məhəbbətlə danışdılar, bu qeyri-adi və heyrətamiz insanla unudulmaz görüşlərini xatırladılar. Onlar vurğuladılar ki, Heydər Əliyev bütöv bir epoxanın rəmzidir, Sovet İttifaqının və müstəqil Azərbaycanın tarixində bir çox əlamətdar hadisələr onun adı ilə bağlıdır.
Ulu öndərin həyatı haqqında yenicə çapdan çıxan “Heydər Əliyev. Taleyin gərdişi” kitabının müəllifi Nikolay Zenkoviç də ürək sözlərini söylədi. Müasir Rusiyanın tarixi haqqında 38 tədqiqatın müəllifi olan Zenkoviç kitab üzərində işindən danışaraq vurğuladı ki, bu prosesdə Heydər Əliyev şəxsiyyətinin miqyasını və dahiliyini dərindən duymuşdur. O dedi: “Mən Azərbaycana, onun dünyaya Heydər Əliyev kimi görkəmli dövlət xadimi verən müdrik, əməksevər və gözəl xalqına qəlbən və ruhən dərin hisslər bəsləyərək, bu kitabı birnəfəsə, yəni bir ildə yazdım. Heydər Əliyev elə çoxşaxəli sima, elə istedadlı insandır ki, bu şəxsiyyət haqqında yazmaq istədiklərinin hamısını bir kitabda ifadə edə bilməzsən. Əminəm ki, bu fenomenal insan haqqında kitablar yazacaq yeni nəsillər meydana gələcəkdir”. O, bir çox analitiklərin və politoloqların belə bir fikrini də xatırlatdı ki, Heydər Əliyevi Azərbaycanın rəhbəri vəzifəsində onun layiqli varisi İlham Əliyev əvəz etmiş və o, qısa müddətdə dünyanın ən tanınmış dövlət xadimlərindən biri olmuşdur.
Nikolay Zenkoviç kitabının ilk nüsxəsini Azərbaycan Prezidentinin qızı Leyla Əliyevaya bağışladı.