HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI
Prezident İlham Əliyev parkla tanışlıqdan sonra burada Heydər Əliyev muzeyinin açılış mərasimində iştirak etdi.
Dövlətimizin başçısı muzeyin açılışını bildirən lenti kəsdi. Prezidentə məlumat verildi ki, muzey 8 bölmədən ibarətdir. Burada ulu öndərin İmişliyə müxtəlif dövrlərdə etdiyi dörd səfərini əks etdirən xüsusi bölmə yaradılmışdır. Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən şəkillər də böyük maraq doğurur.
Muzeydə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar Prezident İlham Əliyevin rayonlara səfərlərini və ölkəmizin iqtisadi tərəqqisi üçün gördüyü işləri əks etdirən fotoguşə də diqqəti cəlb edir.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
“Ulu öndər Heydər Əliyev İmişli rayonunda dəfələrlə olmuşdur. O, İmişli rayonunun inkişafına böyük diqqət göstərirdi. Muzeyin eksponatlarında onlar əks olunur. Bütövlükdə nümayiş etdirilən fotoşəkillər və başqa materiallar Heydər Əliyevin həyat və fəaliyyətinin bütün mərhələlərini nümayiş etdirir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyaları və siyasəti bu gün də yaşayır və Azərbaycan xalqına xidmət edir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
İmişli, 23.03.2006”.