HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI
Xəbər verdiyimiz kimi, martın 23-də Əli Bayramlı şəhərinin mərkəzində Heydər Əliyev muzeyinin təntənəli açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı muzeyin açılışını bildirən qırmızı lenti kəsdi.
Şəhərin mərkəzi küçəsində ulu öndərin xatirəsinə yaradılmış muzeydə Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən geniş materiallar toplanmışdır.
Prezident İlham Əliyev və xanımı xalqımızın ümummilli liderinin uşaqlıq, gənclik illərinə, 1970-ci illərdə və müstəqillik dövründə respublikaya rəhbərlik etdiyi vaxtlara aid, habelə ailəvi fotoşəkillərə, ulu öndərə həsr olunmuş kitablara, Heydər Əliyevin yeni obyektlərin açılışlarındakı iştirakını, xarici ölkələrə və respublikamızın regionlarına səfərlərini, əhali ilə keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə baxdılar. Muzeydə əbədiyaşar Prezidentin Əli Bayramlı şəhərinə tarixi səfərlərindən ibarət guşə və ulu öndərin portretləri diqqəti cəlb edir. Muzeyə gələnlər dahi şəxsiyyətin fəaliyyətinin bütün dövrləri ilə bağlı sənədli filmlərə də baxa biləcəklər.
Muzeylə tanışlıqdan sonra Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:
“Ulu öndər Heydər Əliyev Əli Bayramlı şəhərinin inkişafına həmişə böyük diqqət göstərmişdir. 1970-ci illərdə və 1990-cı illərdə isə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi çalışırdı ki, Əli Bayramlının iqtisadi və sənaye potensialı daha da möhkəmlənsin.
Bu gün bu siyasət davam edir və ölkəmizin hər bir bölgəsində abadlıq, quruculuq işləri geniş vüsət alıb. Əli Bayramlı şəhəri də hərtərəfli inkişaf edir, abadlaşır, gözəlləşir.
Bütün əlibayramlılara yeni uğurlar və xoşbəxtlik arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Əli Bayramlı, 23 mart 2006-cı il”.