Heydər Əliyev uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarıb
Sumqayıt, 5 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası şəhər təşkilatının Qadınlar Şurası Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr olunan "Heydər Əliyev nadir siyasi xadim, milli rəhbər, dahi şəxsiyyətdir” mövzusunda konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Mərkəzin önündə ümummilli lider Heydər Əliyev abidəsini ziyarət edərək, dahi rəhbərin xatirəsini anıblar.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin zəngin ekspozisiyaları ilə tanış olublar.
Mərkəzin konfrans zalında keçirilən tədbiri YAP şəhər təşkilatının Qadınlar Şurasının sədri Nazilə Cəlilova açaraq, Ulu Öndərin Azərbaycanın ən yeni tarixində misilsiz rolundan və xidmətlərindən danışıb. O, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi Heydər Əliyevin çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrildiyini vurğulayıb. Bildirilib ki, dahi şəxsiyyət xalqımızın ən ağır dövründə məsuliyyəti öz üzərinə götürərək uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarıb, dövlətçiliyimizi məhv olmaqdan xilas edib.
Nazilə Cəlilova vurğulayıb ki, Ümummilli Liderin Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə göstərdiyi fəaliyyət xalqımız tərəfindən həmişə fəxrlə yad edilir. Heydər Əliyev qadınların ölkəmizin ictimai həyatına fəal inteqrasiyasını daim dəstəkləyib. Məhz onun rəhbərliyi dövründə qadın siyasəti dövlət siyasəti səviyyəsində öz təzahürünü tapıb. “Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi rəhbəri olub”, - deyən N.Cəlilova Ulu Öndərin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı və digərləri məruzələrlə çıxış ediblər. Sumqayıt Dövlət Universitetinin dosenti Rəna Dadaşova Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı, dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən fəaliyyəti haqqında fikirlərinin bölüşüb. Bildirib ki, Azərbaycan xalqı hər zaman Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edəcək. Çünki bütün varlığı ilə Vətənə və xalqa bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini dövlətinin tərəqqisi, xalqının rifahı üçün sərf edib.
Çıxışlardan sonra gənc və yeniyetmələr Vətən, Ümummilli Lider haqqında şeirlər səsləndiriblər.
Konfransın sonunda Heydər Əliyevin əbədi irsinə həsr olunmuş film izlənilib.