“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MUSİQİ MƏDƏNİYYƏTİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə ulu öndərimizin 85 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanın musiqi mədəniyyəti” mövzusunda tədbir keçirilmişdir.
Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilən tədbirdə iştirakçılar əvvəlcə muzeyin foyesində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotosərgiyə baxmışlar.
Muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova ümummilli liderimizin Azərbaycan mədəniyyətinə diqqət və qayğısından danışmışdır. Bildirmişdir ki, dahi rəhbərin təşəbbüsü ilə SSRİ xalq artisti, böyük bəstəkar və drijor Niyazinin 1994-cü ildə yaradılan ev muzeyinin açılışında Heydər Əliyevin çıxışını muzey əməkdaşları bu gün də yaxşı xatırlayırlar.
Tədbirdə Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadənin “Heydər Əliyev mövzusu Azərbaycan bəstəkarlarının
əsərlərində” adlı məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Qədim musiqi alətləri ansamblının bədii rəhbəri, əməkdar artist Məcnun Kərimov və başqaları tədbirdə çıxış edərək, ulu öndərimizlə bağlı xatirə və fikirlərini bölüşmüşlər.
Axırda Azərbaycan incəsənət ustalarının və musiqi məktəbi şagirdlərinin ifasında Ədülqadir Marağayinin “Heydərnamə”, Üzeyir Hacıbəyovun “Sevgili canan”, Niyazinin “Arzu”, Tofiq Quliyevin “Sənə də qalmaz”, Sevil Əliyevanın “Qayıt, əzizim”, Azaraşvilinin “Tənha” əsərləri səsləndirilmişdir.