“HEYDƏR ƏLİYEV VƏ MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda elmi konfrans keçirilmişdir.
İnstitutun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılov milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında, bərpasında və inkişafında ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, bu gün əməkdaşlarının sayı 200-ü keçmiş Folklor İnstitutu bilavasitə ulu öndərimizin göstərişi ilə yaradılmışdır.
Konfransda AMEA-nın müxbir üzvü, institutda Qorqudşünaslıq şöbəsinin müdiri Tofiq Hacıyev “Heydər Əliyev və Kitabi-Dədə Qorqud”, sənətşünaslıq doktoru Rafiq İmrani “Heydər Əliyev və Azərbaycan incəsənəti”, filologiya elmləri namizədləri Əziz Ələkbərli “Heydər Əliyev irsində milli tarixi yaddaşın bərpası”, Ağaverdi Xəlil “Heydər Əliyev və mərasim mədəniyyətimiz”, Tahir Paşazadə “Heydər Əliyev və xalq yaradıcılığı”, Qalib Sayılov “Heydər Əliyev və aşıq yaradıcılığı” mövzularında məruzələr etmişlər.
Vurğulanmışdır ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin ölkəmizdə keçirilməsi bu eposun yaradılması tarixini daha da dəqiqləşdirmiş, orada cərəyan edən hadisələrin VII əsrə aid olduğu beynəlxalq tədbir iştirakçıları tərəfindən təsdiqlənmişdir.
Dilçi alim, türkoloq Tofiq Hacıyev diqqətə çatdırmışdır ki, artıq o, ali məktəb tələbələrinə Azərbaycan ədəbi dilinin tarixinin VII əsrdən başlandığı barədə mühazirələr oxuyur.