“HEYDƏR ƏLİYEVİN BAM-A QAYIDIŞI”
Baykal-Amur magistralının Anqoya stansiyasında yeni təmir edilmiş vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilmiş, iyulun 18-də bu münasibətlə təntənəli mərasim keçirilmişdir.
Ulu öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Baykal-Amur magistralının tikintisinə nəzarət edən komissiyanın rəhbəri idi. Bununla əlaqədar Sibirə səfəri zamanı Anqoya stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Həmin səfərdə komissiya üzvlərini müşayiət edən jurnalist Yevgeni Boqaçov xatirələrini bölüşmüşdür. AZƏRTAC “Rusiya Dəmir Yolu” şirkətinin portalında yerləşdirilmiş həmin məqaləni qısa ixtisarla təqdim edir.
“Bu gün - iyulun 18-də Anqoya stansiyasında Azərbaycanın keçmiş Prezidenti, vaxtilə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş Heydər Əliyevin xatirə lövhəsi açılacaqdır.
Keçmiş BAM-çılar, o cümlədən hələ də Anqoyada yaşayan və işləyən inşaatçılar onu sabiq sovet rəhbərlərindən biri kimi yaxşı xatırlayırlar.
1984-cü ilin yayında Aleksandr Bondarın quraşdırıcılar briqadası relsləri Vitim istiqamətində düzürdü. Hökumət komissiyasının üzvlərini gətirən iki Mi-8 vertolyotu birbaşa inşaat meydançasına endi. Komissiyaya Heydər Əliyev başçılıq edirdi. Bundan əvvəl komissiya Severobaykalsk və Severomuyskda olmuşdu. Heydər Əliyevi yollar naziri Nikolay Konarev, nəqliyyat tikintisi naziri İvan Sosnov, Baykal-Amur dəmir yolunun tikintisi üzrə Baş İdarənin rəisi Konstantin Moxortov və tikintinin digər rəhbərləri müşayiət edirdilər. Aleksandr Bondarın briqadası komissiya üzvlərinə rels düzən kompleksin necə işlədiyini göstərdilər. Gözlənilmədən briqadir əlcəklərini və çəkici Heydər Əliyevə uzatdı:
-Heydər Əliyeviç, mismarı relsə vura bilərsinizmi?
Heydər Əliyev çəkici əlinə aldı və “nə yaman ağırdır” - deyə heyrətini bildirdi.
Heydər Əliyev aramla mismarı şpala vurdu və gülümsəyərək BAM-ın “tikintisində” iştirak etmək imkanı yaratdıqlarına görə quraşdırıcılara təşəkkürünü bildirdi. Hamı zarafatyana onu ölkənin baş tikintisində uğurlu debütü münasibətilə təbrik etdi.
Mən o zaman rayon qəzetinin gənc müxbiri idim və yalnız milis nəfərləri ilə tanışlığım sayəsində bu səhnəni izləyə bilmişdim.
BAM-ın 781 kilometrliyində Heydər Əliyevlə unudulmaz görüşü 16 ildən sonra “Qudok” qəzeti üçün yazdığım “Anqoyanı vəsf edərkən” oçerkində dəfələrlə xatırlamışam. Buryatiyadakı Anqoya stansiyasını və yaxınlıqdakı qəsəbəni, habelə Ulkan stansiyasını günəşli Azərbaycandan gəlmiş inşaatçılar tikmişdilər. O zaman BAM-da belə bir ənənə var idi ki, hər stansiyanın inşasına müttəfiq respublikalardan və ya Rusiya regionlarından biri hamilik edirdi.
Anqoyaya gəlməzdən əvvəl Severobaykalskda keçmiş “AzBAMstroy” tikinti-quraşdırma idarəsinin rəisi, sonralar mülki qurğuların Severobaykal hissəsinin əməkdaşı İsrafil Hacıyev ilə tanış olmuşdum.
O deyirdi:
-Ulkanı tikib arxayınca Vətənə dönə bilərdik. Ancaq Baykalın o tayında yarımçıq qalmış Anqoya stansiyasının tikintisini başa çatdırmağı özümüzə borc bildik. 1984-cü ildə Heydər Əliyev BAM-a gəldi. Mən tikinti-quraşdırma idarəsinin rəhbəri kimi ona elə beləcə də dedim: “Anqoyaya getmək istəyirik!” Özümüz istəməsək, heç kim bizi məcbur etməyəcəkdi...
Azərbaycan Mərkəzi Komitəsi və hökuməti gənclərin təşəbbüsünü bəyəndi. Bu məsələdə Heydər Əliyevin rəyi həlledici rol oynadı. O, Baykal-Amur Magistralında həmvətənlərinin işini yüksək qiymətləndirmişdi. Gələcək Anqoya stansiyasının yerində o vaxt yalnız ağaclar qırılmışdı. 1984-cü ilin sentyabrında azərbaycanlılardan ibarət ilk briqadalar yığma evləri quraşdırmağa, yeni qəsəbəni istiliklə təmin etmək üçün qazanxana və istilik xətləri çəkməyə başladılar.
SSRİ-nin süqutundan sonra azərbaycanlılar Anqoyanı tərk etmədilər. İ.Hacıyevin briqadası Severobaykalsk yol bölməsində fəaliyyətə başladı. 1995-ci ildə sahə ləğv olundu, işlər ümumən başa çatdı. Lakin xoş xatirə qaldı. Azərbaycan layihəçiləri və inşaatçıları BAM-a iki yaraşıqlı və rahat qəsəbə, vağzal kompleksləri hədiyyə etmişlər. Azərbaycandan olan onlarca ailə indi də Ulkanda və Anqoyada yaşayır.