“HEYDƏR ƏLİYEVİN MÜƏYYƏNLƏŞDİRDİYİ STRATEGİYA AZƏRBAYCANI İŞIQLI GƏLƏCƏYƏ APARIR” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
Ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Ucarda təşkil olunan silsilə tədbirlər çərçivəsində keçirilən elmi-praktik konfransın iştirakçıları əvvəlcə ulu öndərimizin adını daşıyan parka getmiş, burada onun əzəmətli heykəli önünə əklil və çiçəklər qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Konfransda “Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir”, “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır”, “Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafı, Azərbaycan dilinin təmizliyi uğrunda xidmətləri”, “Heydər Əliyev böyük siyasi xadimdir”, “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur” mövzularında məruzələr dinlənilmişdir.
Məruzələrdə dünya şöhrətli dövlət xadiminin, böyük siyasətçinin, öz vətənini canından artıq sevən ulu öndərimizin zəngin və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrləri barədə ətraflı danışılmışdır. Natiqlər bu dahi insanın ağır tarixi şəraitdə müstəqil, azad və demokratik Azərbaycan dövlətinin qurulmasındakı misilsiz xidmətlərini xüsusi vurğulamışlar.
Qeyd olunmuşdur ki, hələ sovetlər birliyi zamanı Heydər Əliyev bütün təşkilatçılıq bacarığını və diplomatik istedadını Azərbaycanın ayrı-ayrı sahələrdə əvvəllər görünməmiş yüksəkliklərə çatmasına sərf etmiş və buna böyük məharətlə nail olmuşdur. Heydər Əliyev hələ o vaxt gələcək müstəqil Azərbaycan dövlətinin təməlini qurur, kənd təsərrüfatının, sənayenin, tikinti-quruculuq işlərinin, mədəniyyətin inkişafı ilə yanaşı, insanların şüurunda azərbaycançılıq ideyalarının formalaşdırılması və inkişafı üçün böyük işlər görürdü. Bu zaman o, risk edir, cəsarətli addımlar atırdı. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə sovet rejiminin “millətçi” damğası vurub adının çəkilməsinə qadağa qoyduğu Nəriman Nərimanova Bakının mərkəzində möhtəşəm abidə ucaldıldı, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi dahi sənətkarlarımızın adının əbədiləşdirilməsi üçün tədbirlər görüldü.
Tədbirdə insanların həyatı ilə bağlı hər şeyə həssaslıqla yanaşan ulu öndərin respublikamızı qarış-qarış gəzdiyi diqqətə çatdırılmış, onun 1978-ci ilin mayında Ucara tarixi səfəri xatırladılmışdır. Səfər zamanı rayonun Yuxarı Şilyan, Lək, Qazıqumlaq, Alpout kəndlərini gəzən ulu öndər bu gün konfransın keçirildiyi mədəniyyət evinin zalındakı yığıncaqda geniş nitq söyləmişdi. Ucarlılar bu səfəri həmişəlik öz yaddaşlarında saxlamışlar. O günlərdə çəkilmiş fotoşəkillər 2006-cı ildə açılmış Heydər Əliyev muzeyində nümayış etdirilir.
Elmi-praktiki konfransda ulu öndərin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi, bu konsepsiyanın Azərbaycanın gələcəyi üçün daim parlaq işıq saçan mayak olduğu dönə-dönə vurğulanmışdır.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.