“Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycan musiqi mədəniyyətinin inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib
Bakı, 10 may, AZƏRTAC
“İrəli” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycan musiqi mədəniyyətinin inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat fəaliyyətinin öyrənilməsi, habelə gənclərin iştirakı ilə mədəniyyətin bir sıra istiqamətləri üzrə yaradıcı ideya bankının formalaşdırılmasıdır.
Əllidən çox gəncin iştirakı ilə keçirilən tədbir Ümummilli Lider Heydər Əliyev, habelə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə işinə başlayıb.
Tədbirdə “İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz həyatını Azərbaycanın əbədi müstəqilliyi, eləcə də, xalqımızın rifahına həsr edib. Hazırda ölkəmizdə həyata keçirilən müasir mədəniyyət siyasətinin də məhz Ümummilli Liderin adı ilə bağlı olduğu vurğulanıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Alla Bayramova çıxışı zamanı rəhbəri olduğu qurumun fəaliyyət istiqamətləri, habelə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Muzeyin həyata keçirdiyi tədbir və layihələr haqqında geniş təqdimatla çıxış edib. Tədbirin gənclərin ölkəmizin musiqi mədəniyyəti ilə yaxından tanışlığı nöqteyi-nəzərdən olduqca önəmli olduğunu vurğulayan Alla Bayramova “İrəli” İctimai Birliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, təşkilatın çoxşaxəli fəaliyyətində uğurlar arzulayıb.
Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, teatrın solistləri - Əməkdar artist İnarə Babayeva və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə panel müzakirə formatında çıxış ediblər. Müzakirələr zamanı çıxışçılar Ümummilli Liderin mədəniyyət sahəsinə olan diqqət və qayğısı, habelə istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işləri qeyd ediblər.
Çıxışçılar hazırda Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanınmasının Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsi olduğunu bildiriblər.
Tədbir müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan ədəbi-bədii kompozisiya ilə davam edib.