Hövsan Yaşayış Kompleksinin ərazisində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib.
MİDA-dan AZƏRTAC-a bildirilib ki, aksiya Agentliyin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksinin ərazisində təşkil olunub. Aksiyada Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, həmçinin hər iki qurumun 100-ə yaxın əməkdaşı iştirak edib. Məqsəd ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir. Aksiya zamanı ümumilikdə 1000 yeni ağac əkilib. Bunlardan 670 ədədi Eldar şamı, sərv və digər ağaclar, 330-u isə müxtəlif növ meyvə ağaclarıdır. Aksiya zamanı, həmçinin ərazidə olan Eldar şamı, çinar, zeytun ağacları və 100-dən çox bitkiyə qulluq göstərilib.