İQTİSADİYYAT
Hüquqi şəxslərin ləğvi prosesi ilə bağlı təkmilləşdirmə planı müzakirə ediləcək
![Hüquqi şəxslərin ləğvi prosesi ilə bağlı təkmilləşdirmə planı müzakirə ediləcək](/files/2021/3/1200x630/16390547513534354689_1200x630.jpg)
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 10-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” İşçi Qrupunun növbəti iclası keçiriləcək.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərin və İşçi Qrupun əvvəlki iclasının protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, habelə hüquqi şəxslərin ləğvi prosesi ilə bağlı təkmilləşdirmə planının, “Biznesə başlama, vergi və hesabatlılıq” sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyasının müzakirəsi nəzərdə tutulur.
İclasda, həmçinin 2022-ci il üçün Fəaliyyət Planının müzakirə edilməsi planlaşdırılır. İşçi Qrupun iclası saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə keçiriləcək.
Qeyd olunan fəaliyyət sahəsi üzrə müzakirələrə təklif vermək istəyən şəxslər, o cümlədən özəl sektor nümayəndələri https://azranking.az saytında “Rəqəmsal Təqvim” bölməsində yaradılmış müvafiq səhifəyə keçməklə (https://bit.ly/3IzmyCb) iclasın gündəliyi ilə tanış ola, həmin bölmədən, eləcə də “Onlayn Müraciət” bölməsinə daxil olmaqla müvafiq sahə üzrə öz təkliflərini göndərə bilərlər.