“İçərişəhər” Qoruq İdarəsi beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 3 may, AZƏRTAC
Ölkəmizin tarixi və mədəni dəyərlərinin qorunması və beynəlxalq arenada təbliğ edilməsinə xüsusi əhəmiyyət verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İçərişəhərin zəngin maddi-mədəni irsinin tanıdılması məqsədilə dünyanın ən qabaqcıl təşkilatları ilə əməkdaşlıq edir. Onların arasında 1980-ci ildən fəaliyyətə başlayan və qısa zaman kəsiyində region ölkələrinin rəğbətini qazanan İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi də (IRCICA) var. İslam Əməkdaşlığı Təşkilatının qurumu olan mərkəz hazırda 56 İslam ölkəsini öz ətrafında birləşdirir.
Belə bir mötəbər qurumla əməkdaşlıq Qoruq İdarəsi üçün Azərbaycanın zəngin keçmişini və maddi mədəniyyətini geniş miqyasda təqdim etmək baxımından olduqca uğurlu addım kimi qiymətləndirilə bilər.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər İçərişəhərdə yerləşən “Muğam klub” adlı məkanda “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Əsgər Ələkbərovla IRCICA-nın prezidenti Xalid Ərən arasında mədəni, tarixi sferalarda münasibətləri gücləndirəcək memorandumun imzalanma mərasimində səsləndirilib.
Qeyd edilib ki, bu məqsədlə hələ ötən il noyabrın 26-da İstanbulda “İçərişəhər” DTMQİ və IRCICA arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb. Memorandum bu razılaşmanın davamı olaraq əlaqələri daha da gücləndirəcək, qarşıda duran vəzifələri aydınlaşdıracaq.
Xatırladaq ki, ölkə başçısı tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı hər iki təşkilat İslam ölkələri arasında əlaqələrin daha da genişlənməsi, mütəmadi tədbirlərin, festivalların keçirilməsində maraqlıdır.