İcraçı direktor: Azərbaycan və Rusiya arasında yüksək səviyyəli iqtisadi əlaqələr mövcuddur
Stavropol, 28 fevral, Leyla Muradzadə, foto Nicat Əlili, AZƏRTAC
Azərbaycan və Rusiya arasında yüksək səviyyəli iqtisadi əlaqələr mövcuddur. Bu iqtisadi əlaqələr bir neçə yüksək səviyyəli forumlarla özünü ehtiva edir. Bu regionlararası forum ən önəmli forumlardan biridir. Burada siyasi dialoqla yanaşı, çox geniş və məzmunlu iqtisadi dialoqda mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında XII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
“Biz bu gün Stavropol diyarında 12-ci Rusiya-Azərbaycan Regionlararası Forumda iştirak edirik. Forumda çox böyük heyətlər iştirak edir. Bu bizim üçün çox yaxşı göstəricidir. Azərbaycandan foruma qatılan 100-dək şirkətlər var. Onların arasında bəzilərinin Azərbaycanda, bəzilərinin isə Rusiyada nümayəndəlikləri var. Eyni zamanda, Azərbaycandan dövlət qurumlarının nümayəndələri də forumda iştirak edirlər. Azərbaycan nümayəndə heyətinin sayı 150-dən çoxdur. Bu, iki dövlətin sahibkarlarında olan yüksək marağın göstəricisidir. Demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə edən sahibkarlar, biznes nümayəndələri var. Burada həm istehsal, həm də turizm, logistika şirkətləri var. Bu gün Azərbaycan və Rusiya arasında olan sərhəd-keçid məntəqələri geniş müzakirə olundu. Həmçinin forum çərçivəsində B2B və B2G formatında müzakirələr, dəyirmi masa tədbiri, 5 plenar iclas keçiriləcək. Bu tədbirlərdə ixrac-idxal əməliyyatları, eyni zamanda, innovativ texnologiyaların hər iki ölkə üzrə tətbiqi müzakirə olunacaq. Bu gün demək olar ki, bütün sahələri əhatə edən dialoqlar mümkün oldu. Ümid edirik ki, forum çərçivəsində aparılan görüşlər, imzalanacaq sənədlər, iki dövlət arasında iqtisadi-ticari və investisiya əlaqələrini daha da yeni səviyyəyə qaldıracaq. Azərbaycan iqtisadi cəhətdən çox etibarlı tərəfdaşdır. Bizim kənd təsərrüfatı məhsullarımızın əsas ixrac bazarıdır. 2023-cü ilin göstəricisi ilə ötən 20-23 ildə kənd təsərrüfatı məhsullarının ixracı 20 faizədək artıb ki, bu da 1 milyard dollardan çox vəsait deməkdir. Rusiya-Azərbaycan Regionlararası Forumu iqtisadi cəhətdən münasibətlərin kulminasiya nöqtəsidir”, - deyə Y.Abdullayev qeyd edib.