“İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans keçirilib
Bakı, 2 noyabr, AZƏRTAC
Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Respublika Velotrekində “İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri, tanınmış idmançılar, velosipedçilər və onların valideynləri iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov və AMADA nümayəndəsi Lalə Hacıyeva narkotik vasitələrdən və qəbulu qadağan olunmuş preparatlardan istifadənin yol açdığı fəsadlardan danışaraq, bu cür hallara qarşı mübarizədə hamının birgə fəaliyyət göstərməsinin vacibliyini bildiriblər.
Tədbirdə qonaq qismində çıxış edən yunan-Roma güləşçisi, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov, boks üzrə dünya çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Cavid Çələbiyev, uşu-sanda üzrə dünya çempionu Emil Hacıyev idmançıların karyeralarına zərbə vurmamaları üçün pis vərdişlərdən hər zaman uzaq olmalarının əhəmiyyətini vurğulayıblar.
Konfrans zamanı idmançıları maraqlandıran suallar da cavablandırılıb.