İdxal olunan pomidor toxumlarında zərərli orqanizm aşkarlanıb
Bakı, 10 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Azilaqro” MMC və “Azərbaycan Toxumçuluq Təsərrüfatı” MMC tərəfindən təsərrüfat faydalı sınaqların həyata keçirilməsi məqsədilə ölkəmizə idxal olunan “İstek” (50 qram) və “Parola” (2.997 kq və 0.126 kq) sortu olan pomidor toxumlarından nümunələr götürərək ekspertiza və analizlərin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində həmin toxumlarda karantin tətbiq olunan zərərli orqanizm - pomidor meyvələrinin qonur qırışıqlıq virusu aşkarlanıb.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş toxum partiyalarının ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub. Toxum partiyaları məhv edilib.